ELM VƏ TƏHSİL
Konsepsiyanın layihəsi elmi ictimaiyyətə təqdim edilib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisəsinin əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edib, onlara üzərində institutun rəmzi olan xatirə hədiyyələri təqdim edib.
Sonra akademik İ.Həbibbəyli institutun təsis etdiyi mükafatların qaliblərinin adlarını açıqlayıb. “İlin alimi” nominasiyası üzrə mükafatlar AMEA-nın müxbir üzvü Əliyar Səfərli və filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadəyə, Xurşidbanu Natəvan mükafatı isə filologiya elmləri doktoru, professor Nüşabə Araslı və arxiv şöbəsinin müdiri Rəna Mustafayevaya təqdim edilib.
Sonra İ.Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsini elmi ictimaiyyətə təqdim edib. Ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində doqquz mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib. Bu gün ədəbiyyatşünaslıq elmi üçün hadisə sayıla biləcək, böyük aktuallıq kəsb edən, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası haqqında fakt və əsaslandırmalarla çıxış edən İ.Həbibbəyli müəllifi olduğu konsepsiyanın layihəsi barədə ətraflı və konseptual şərh verib.
Gündəlikdə duran digər məsələlərdən söhbət açan akademik İ.Həbibbəyli institutda aparılan genişmiqyaslı tədqiqat işlərindən, xüsusilə 10 cilddə çap edilməsi nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin hazırkı vəziyyəti, “Kitabi-Dədə Qorqud” dastanlarının bir neçə dildə nəşrə hazırlanması prosesi, eləcə də Azərbaycan ədəbiyyatı antologiyasının nəşri məsələləri barədə ətraflı məlumat verib.
Daha sonra filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Novruz bayramı haqqında məruzə ilə çıxış edib. İnstitut direktorunun elmi işlər üzrə müavini, professor Məmməd Əliyev “Ədəbi proses-2014” elmi sessiyasına hazırlığın vəziyyəti barədə danışıb. Elmi katib, professor Bədirxan Əhmədov fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertant və doktorantların attestasiyalarının nəticələri, institutun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Asif Rüstəmli isə plan üzrə görülən işlərlə bağlı məlumat veriblər.
Professor N.Araslı göstərilən diqqət və qayğıya görə institut rəhbərliyinə minnətdarlığını bildirib, bu kimi tədbirlərin elmi işçilərin gələcək elmi fəaliyyətlərinə dəyərli stimul olduğunu diqqətə çatdırıb.
İclasda bir sıra cari məsələlərə də baxılıb.
Elmi şuranın iclası Novruz bayramı münasibətilə institut rəhbərliyi tərəfindən təşkil olunan bayram süfrəsi ətrafında yekunlaşıb.