SİYASƏT


Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə rəy verib  [YENİLƏNİB]

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün iyulun 18-də təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq işə baxan Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

Sonra F.Abdullayev məruzəçi hakimlərə söz verib.

Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev məruzə ilə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Konstitusiyaya təklif etdiyi dəyişikliklər barədə ətraflı məlumat verib.

Digər məruzəçi - Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze isə çıxışında Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi qaydaları haqqında məlumat verib.

Qeyd edilib ki, Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Qanununa dəyişiklik yalnız referendum yolu ilə edilə bilər. Konstitusiyanın 153-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti təklif verdikdə Konstitusiya Məhkəməsinin rəyi alınır.

Azərbaycan Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev geniş çıxış edərək Konstitusiyaya sonuncu dəyişiklikdən ötən yeddi il ərzində ölkəmizin sürətli inkişafı nəticəsində əldə edilmiş nailiyyətlərin Konstitusiyanı təkmilləşdirmək zərurətini yenidən meydana gətirdiyini vurğulayıb. Ş.Əliyev bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin hüquqi əsaslarından danışıb. Bildirib ki, bu dəyişikliklər dünya təcrübəsində də əksini tapıb.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını oxuyub.

Qərara əsasən, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verib.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.