CƏMİYYƏT
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin “əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi” müddəası əmək müqaviləsi ilə həm işləyən şəxslərə, həm də işdən çıxmış şəxslərə müavinət və əmək haqqının ödənilməsini nəzərdə tutur.
Bu Qərarın nəticə hissəsinin birinci bəndində göstərilən əsaslara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.