CƏMİYYƏT


Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vətəndaşı Klark Qordon Morrisin şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın II hissəsində nəzərdə tutulan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar hüquqi müəyyənlik və mütənasiblik konstitusiya prinsiplərinin tələblərinə cavab verdiyindən Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilsin.

Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir.

Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır.

Klark Qordon Morrisin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə və ya inzibati qaydada baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeləri nəzərə alınmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.