CƏMİYYƏT


Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə müvafiq olaraq üç və on gündən az müddətə törədildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar törədilməsinə görə cinayət işinin başlanmasına və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84.5.8-ci maddəsinə uyğun olaraq təhqiqatçının və ya müstəntiqin yalnız qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.