CƏMİYYƏT
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda vətəndaş Mövsüm Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2015-ci il 25 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Rahib Məmmədovun “Əzizbəy-KM” Məhdud Məsuliyyətli Cəmiyyətlə M.Məmmədov arasında bağlanmış mənzil alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2015-ci il 25 iyun tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.