SİYASƏT
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub
Bakı, 27 fevral, AZƏRTAC
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertlərin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər.
Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.