SİYASƏT


Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan xalqının gözləntilərinə cavabdır

A+ A

Bu fikir Azərbaycan diplomatının Misir qəzetinə müsahibəsində yer alıb

Qahirə, 14 oktyabr, АZƏRTAC

Misirin “Əl-Vətən” qəzeti Azərbaycanın bu ölkədəki konsulu Emil Rəhimovun ölkəmizin Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı müsahibəsini yayıb.

Konsul bildirib ki, sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsindən sonra Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan xalqının gözləntilərinə cavabdır. Dəyişikliklər xüsusilə gənclərin siyasətdə iştirakını genişləndirmək məqsədini daşıyır. O, gənclərin cəmiyyətdəki rolunun artırılmasının, onların siyasi həyatda fəal iştirakının təmini üçün şəraitin yaradılmasının zəruri olduğu dövrdə Azərbaycan rəhbərliyinin hər bir dövlətin gələcəyinin gənclərin bacarıq və məharətindən asılı olduğunu yaxşı anladığını vurğulayaraq deyib: “Siyasi fəaliyyətlə məşğul olmaq, daha dəqiq desək, parlament seçkilərində namizəd olmaq, yaxud dövlətin ən ali kürsüsunü – respublika Prezidenti vəzifəsini tutmaq istəyənlər üçün yaş həddinin azaldılması buna xidmət edir. Konstitusiyaya əlavə və dəyişikliklər təklifi Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində bərpa etdiyi müstəqillikdən bəri seçdiyi siyasi islahat yolunun daha da təkmilləşdirilməsi üçün irəli sürülüb. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir. Bu dövr ərzində ölkə böyük təhdidlərlə üzləşsə də inkişaf edib, müasir dövlətin əsasları kifayət qədər uğurlu qurulub. Bu təhdidlərin ən böyüyü isə Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafındakı rayonlar daxil olmaqla 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsidir.

Konsul bəzi qüvvələrin referendumla bağlı yanlış bəyanatlar yayması məsələsinə də toxunub. O bildirib ki, düzəlişlərin edildiyi maddələrlə yaxından tanış olmaqla, əslində, məsələnin həmin qüvvələrin iddialarının tam əksinə olduğunu görmək mümkündür. Orada ölkə daxilində və xaricində daha çox marağa səbəb olmuş siyasi məqamlarla yanaşı, iqtisadi fəaliyyətlə bağlı da bir neçə dəyişiklik var. Məqsəd iqtisadi imkanları genişləndirmək, Azərbaycanı investisiyalar üçün daha cəlbedici etmək, ticarət mübadiləsini stimullaşdırmaqdır. Bu, yalnız Azərbaycan vətəndaşlarına deyil, həm də region dövlətlərinin iqtisadiyyatına fayda verəcək, iqtisadi inteqrasiyanı təşviq edəcək.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.