CƏMİYYƏT
Könüllülük fəaliyyəti – cəmiyyətin sosial həyatında gənclərin iştirakı forması kimi
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 25-də “Monolit Plaza” mehmanxanasında “Könüllülük fəaliyyəti – cəmiyyətin sosial həyatında gənclərin iştirakı forması kimi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu səpkidə daha bir konfrans isə Gəncə şəhərində təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə təşkil olunacaq. Məqsəd – könüllülük hərəkatının inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Konfrans çərçivəsində Bakıda “Sosial sahələrdə gənclərin könüllülük fəaliyyətinin inkişaf etdirilməsi”, “Humanizm dəyərlərinin və vətəndaşlıq tərbiyəsinin təbliği”, “Könüllülük fəaliyyətinin inkişaf etdirilməsi vasitəsilə gələcəyin liderlərinin yetişdirilməsi” və s. mövzularda sessiyaların keçirilməsi planlaşdırılıb.
Azərbaycanın 21 şəhər və rayonunu təmsil edən gənclərin iştirakı ilə Gəncədə keçiriləcək konfransın mövzusu isə “Gənclər və könüllülük: gənclərin sosial həyatda və öz həyatlarına təsir edən qərarların qəbulunda iştirakı” olacaq.