SİYASƏT
Kopenhagendə qondarma “erməni soyqırımı”na abidə ucaldılmasının qarşısı alınıb
Kopenhagen, 27 may, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə erməni diasporunun qondarma “soyqırımı”na abidə ucaltmaq planlarının qarşısı alınıb.
Danimarkadakı Azərbaycan və türk diasporunun bu barədə məlumat əldə etdikdən sonra abidənin qoyulmasına qarşı başladığı etiraz tədbirləri öz nəticəsini verib. Danimarka Vətən Cəmiyyəti, Skandinaviya Türk Federasiyası, həmçinin Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönməzin birgə fəaliyyəti nəticəsində yerli ictimaiyyət qondarma “erməni soyqırımı” barədə geniş məlumatlandırılıb.
Azərbaycan və türk diasporu adından Danimarka parlamentinə, Kopenhagen bələdiyyəsinə etiraz məktubları göndərilib. Həmçinin erməni diasporunun abidə qoyulması planlarına qarşı mitinq keçirmək məqsədilə yerli polis orqanlarına icazə üçün müraciət edilib. Türk və Azərbaycan icmalarının narahatlığı yerli mediada da geniş işıqlandırılıb.
Azərbaycan və türk diasporunun etiraz tədbirlərindən sonra Kopenhagendə “erməni soyqırımı” abidəsinin qoyulması ilə bağlı işlər dayandırılıb.
Abidənin qondarma “erməni soyqırımı”nın “100-cü ildönümü” ilə əlaqədar ABŞ-dakı erməni diasporunun maliyyə dəstəyi ilə ucaldılması planlaşdırılırdı.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen