CƏMİYYƏT


Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri müzakirə olunub

A+ A

Bakı, 20 oktyabr, Maqsud Dadaşov, AZƏRTAC

Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Filologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər güllər düzüb, bu ali təhsil ocağının müəllimlərinin müəllifi olduqları kitab, jurnal və əsərlərdən ibarət sərgi ilə tanış olublar.

ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov bildirib ki, tədbirin məqsədi xarici dillərin tədrisinin aktual problemləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Konfransın əhəmiyyətini diqqətə çatdıran D.Yunusov plenar iclaslarda 15-dək ölkədən tanınmış dilçi alimlərin iştirak etdiklərini vurğulayıb.

ADU-nun yaranma tarixindən, fəaliyyətindən, əldə etdiyi uğurlardan danışan D.Yunusov deyib ki, üç minədək tələbənin təhsil aldığı universitetdə 22 xarici dil tədris olunur. ADU 40-dan çox ölkənin nüfuzlu ali təhsil ocağı ilə sıx əməkdaşlıq edir.

Tədbirdə çıxış edən, Qazaxıstan Elmlər Akademiyasının (QEA) əməkdaşı, professor Alimxan Cunusbəy konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Vurğulanıb ki, QEA-nın əməkdaşları azərbaycanlı alimlərlə beynəlxalq tədbirlərdə görüşür, birgə maraq doğuran elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparırlar. Konfransın işinə uğurlar arzulayan A.Cunusbəy  tədbirin müvafiq mövzuda qarşıya çıxan problemlərin aradan qaldırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Qazi Universitetinin incəsənət və elm fakültəsinin professoru Mehman Musaoğlu tətbiqi dilçiliyin aktual problemlərinin həlli istiqamətində ADU-da görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, bu konfrans da müvafiq sahədə həyata keçirilən tədbirlərin bir hissəsidir.

Sonra ADU-nun ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli “Tətbiqi dilçiliyin əsas istiqamətləri”, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin nəzdindəki V.Nadelyayev adına eksperimental-fonetik tədqiqatlar laboratoriyasının müdiri, professor İqor Slantyev “Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Filologiya İnstitutunda dilçilik tədqiqatları və onların Sibir xalqlarının dillərinin inkişafı və qorunmasındakı rolu”, Macarıstanın Eötvös Lorand Universitetinin professoru, koqnitiv dilçilik sahəsində məşhur tədqiqatçı Zoltan Koveçiç “Məcazda kontekstin roluna yenidən baxılıb”, A.Cunusbəy “Ümumtürk latın qrafikasının problemləri” mövzularında məruzələrlə çıxış ediblər.

İki gün davam edəcək konfransda “Müasir dilçiliyin əsas istiqamətləri: dilçilikdə yeni paradiqmlər”, “Koqnitiv dilçilik: müasir vəziyyət və perspektivlər”, “Tətbiqi və tipoloji dilçilik: nəzəri ümumiləşmələr və praktik tövsiyələr”, “Dilin mənimsənilməsi prinsipləri: nəzəri və praktik təkliflər” adlı bölmələr üzrə ümumilikdə 216 məruzə dinlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.