DÜNYA
“Korean Airlines” şirkətinin təyyarəsi Yaponiyada fövqəladə eniş edib
Bakı, 9 iyun, AZƏRTAC
“Korean Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi pilotların kabinəsində yaranan tüstüyə görə Yaponiyada fövqəladə eniş edib.
Şirkətin bununla əlaqədar yaydığı məlumatda deyilir ki, hadisə nəticəsində heç kimə ziyan dəyməyib, təyyarədə hər hansı zədələnmə olmayıb. Bildirilir ki, yerli vaxtla 09:11-də Cənubi Koreyanın Busan şəhərindən havaya qalxan “Boeing B737-900” tipli təyyarə qrafik üzrə 10:31-də Yaponiyanın Fukuoka şəhərində enməli idi. Enməyə bir az qalmış pilotların kabinəsində tüstü qeydə alınıb və fövqəladə eniş elan edilib. Pilotlar hər ehtimala qarşı hava limanında yanğınsöndürən və təcili yardım briqadalarının hazır olmasını istəyiblər. Xoşbəxtlikdən təyyarə qəzasız enə bilib. Təyyarənin göyərtəsində olan 151 sərnişin və 8 heyət üzvü təyyarəni tərk edəndən sonra yerli hüquq-mühafizə orqanlarının əməkdaşları və mühəndislər tüstünün nədən meydana gəldiyini araşdırmağa başlayıb.
Cənubi Koreyanın Nəqliyyat Nazirliyinin rəsmisi Kim Bon-cin ehtimal edib ki, tüstülənmə qısaqapanmadan yaranıb. Təyyarə texniki yoxlamadan keçdikdən sonra qrafik üzrə növbəti uçuşunu yerinə yetirəcək.