REGİONLAR
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Naxçıvan Dövlət Universiteti birgə layihə həyata keçirirlər
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin xüsusi dəstəyi və tövsiyəsi ilə “Elektron universitet” yaradılması, distant təhsilin tətbiqi ilə bağlı bu ali təhsil ocağında mühüm işlər görülüb. KOICA ilə birgə gerçəkləşdiriləcək layihədə isə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxanadan ibarət elektron təhsil şəbəkəsi yaradılması, müasir texnologiyaların quraşdırılması, rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.
2015-ci ildə tamamlanacaq layihənin həyata keçirilməsinə KOICA tərəfindən 3 milyon 5 min ABŞ dolları həcmində vəsait ayrılıb.
Tədris işləri üzrə prorektor onu xatırladıb ki, bu barədə dəfələrlə birgə müzakirələr aparılıb, layihənin davamı olaraq onun rəhbərliyi ilə bir qrup nümayəndə may ayında on beş gün müddətinə Koreya Respublikasının paytaxtı Seul şəhərinə ezam olunaraq layihə ilə bağlı təlim keçiblər. Hazırda NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun başçılıq etdiyi heyət layihə ilə əlaqədar Koreya Respublikasında səfərdədir.
KOICA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-Suk layihədə nəzərdə tutulan bütün avadanlıqların universitetə gətirilməsi prosesi barədə ətraflı məlumat verib. Qeyd edib ki, müasir, keyfiyyətli texnologiyaların istifadəyə verilməsi tədrisdə, təhsildə keyfiyyətin yüksəldilməsinə, idarəetməyə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Koreyalı və yerli mütəxəssislərin birgə fəaliyyəti nəticəsində ilin sonlarında layihənin müvəffəqiyyətlə yekunlaşacağı gözlənilir.
Xanım Kim Eun-Suk avadanlıqların quraşdırılması ilə bağlı tapşırıq və göstərişlər verib.
Akademik idarəetmə sistemi, texniki təminat, portal, elektron sənəd dövriyyəsi, multimedia üzrə işçi qrupları ilə birgə elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun qurulması, alınan texniki avadanlıqların və proqramların quraşdırılması ilə bağlı müzakirələr aparılıb. Optik kabellərin çəkilişi, serverin qurulması və əlaqələndirilməsi, multimedia infrastrukturu üçün nəzərdə tutulan müasir texnologiyaların işə salınması ilə bağlı qruplar üzrə görüləcək işlər müəyyənləşdirilib.