REGİONLAR


Koreya Respublikasının ölkəmizdəki səfiri Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət edib VİDEO

A+ A

Quba, 26 avqust, Elxan Yusifli, AZƏRTAC

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu avqustun 26-da Quba rayonunda olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon rəhbərliyi tərəfindən səmimiyyətlə qarşılanan səfir və diplomatik korpus nümayəndələri burada Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqlara Qubanın təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və aparılan quruculuq işləri barədə ətraflı məlumat verib.

Koreya Respublikası ilə Azərbaycan arasındakı dostluq münasibətlərindən danışan səfir Kim Çanq-gyu səfərinin bölgə ilə tanışlıq məqsədi daşıdığını bildirib. Quba ilə yanaşı, gələcəkdə Gəncə, Şəki və başqa regionlara da səfərlər nəzərdə tutulub.

Daha sonra səfir Kim Çanq-gyu Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və “Yaşıl teatr” ilə tanış olub.

Gənclər Mərkəzində qubalı taekvondoçuların nümunəvi çıxışlarını izləyən səfir gələcəkdə onların təşkilatçılığı ilə bu idman növü üzrə yarışların keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra diplomatik korpus nümayəndələri Quba Tarix-Diyarşünaslıq Muzeyi və şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində olub. Xalça toxunması prosesini izləyən qonaqlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Daha sonra səfir Kim Çanq-gyu Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Qonağın diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Səfir Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.

Məzarlıqda gördüklərinin ona çox pis təsir etdiyini bildirən səfir Kim Çanq-gyu Koreya və Azərbaycan xalqlarının dünyada sülhün bərqərar olması üçün səylərini əsirgəmədiyini qeyd edib.

Səfir Kim Çanq-gyu Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə də olub, burada yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşüb. Qonağın diqqətinə çatdırılıb ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə yanaşılır. Qubada yerli əhali ilə qaynayıb-qarışan dağ yəhudiləri də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və diplomatik korpus nümayəndələri bölgəyə səfər çərçivəsində Qədim Quba meydanı, şəhərin digər görməli və tarixi yerləri ilə də yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.