SİYASƏT
Koreya Respublikasının sabiq gender bərabərliyi naziri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Bakı, 8 iyul, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayeva Koreya Respublikasının sabiq gender bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan həqiqətləri barədə məlumat verib.
Q.Paşayeva ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə danışıb. Bildirib ki, bir milyondan artıq azərbaycanlı, o cümlədən yüz minlərlə azərbaycanlı qadın Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Onların hüquqları bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqların qətlə yetirilməsinə, yüz minlərlə azərbaycanlı qadının hüquqlarının pozulmasına laqeyd qalmamalıdırlar.
Görüşdə qonaqlara Azərbaycan həqiqətlərinə, tarixinə və mədəniyyətinə aid kitablar, sənədli filmlər təqdim edilib.
Milli Məclisin deputatı Azərbaycanın bütün istiqamətlərdə Koreya Respublikası ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.
Koreya Respublikasının da Azərbaycan ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyən Do Yoon Byun iki ölkə arasında münasibətlərin getdikcə daha surətlə inkişaf edəcəyinə inandığını vurğulayıb. Görüşdə iki ölkənin qadın siyasətçiləri, iş adamları, QHT, KİV nümayəndələri arasında münasibətlərin inkişafının və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin önəmi vurğulanıb.