QAN YADDAŞI
Koreya dilində Xocalı soyqırımı haqqında videoçarx hazırlanıb VİDEO
Seul, 17 fevral, AZƏRTAC
Xocalı faciəsi haqqında həqiqətlərin Koreya ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə Koreya dilində videoçarx hazırlanaraq, ən böyük axtarış saytı olan “Naver”, eləcə də “Google” və “Youtube” da yerləşdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə hazırlanmış videoçarxın müəllifi koreyalı tələbə Kim Juhvandır.
Videoçarxda Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edildiyi bildirilir. Bundan başqa, faciənin başvermə səbəbi kimi Ermənistanın tarixən Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, torpaqlarımızı işğal etmək və soydaşlarımıza qarşı soyqırımı törətmək siyasəti yürütməsi göstərilib. Videoçarxda, həmçinin faciə şahidlərinin dilindən Xocalı hadisələrinə dair dəhşətli faktlar öz əksini tapıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul