SİYASƏT
Koreya mətbuatı 28 May - Respublika Günü ilə əlaqədar Seulda keçirilən tədbiri geniş işıqlandırıb
Bakı, 1 iyun, AZƏRTAC
Cənubi Koreyanın kütləvi informasiya vasitələri Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü və ilə bağlı bir neçə məqalə yayıb.
Azərbaycan Seuldakı səfirliyinin bu münasibətlə təşkil etdiyi rəsmi qəbul barədə nüfuzlu “The Korea Herald” qəzeti, “Naevoe”, “Cunqan” və “FocusNews” xəbər portalları bir neçə xəbər və məqalə hazırlayıb.
Məqalələrdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan bəhs olunub. Qeyd edilib ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, həyata keçirdiyi siyasi və iqtisadi islahatlar, ordu quruculuğu, demokratik təsisatların yaradılması istiqamətində bir çox uğur qazanıb.
Məqalələrdə Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurova istinadla yazılır ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan üzləşdiyi çətin vəziyyətdən görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xilas olub. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan özünü regional inkişafa və təhlükəsizliyə töhfə verən beynəlxalq tərəfdaş kimi təqdim edə bilib.
Azərbaycanın tarixi yerləri və Bakının müasir simasına dair fotolarla zəngin olan məqalələrdə iqtisadiyyatın inkişafından, ölkəmizin liderliyi ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrindən söz açılıb. Bildirilir ki, bu gün Azərbaycan beynəlxalq idman və mədəniyyət mərkəzinə çevrilib, mühüm tədbirlərə və yarışlara ev sahibliyi edir.
Koreya mətbuatı iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü mövzusuna toxunaraq, ötən müddətdə ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu yazır.