DÜNYA
Koreyalı deputatların Takeşima adalarına səfəri rəsmi Tokionun etirazına səbəb olub
Tokio, 16 avqust, AZƏRTAC
Avqustun 15-də Koreya Respublikasının bir qrup deputatı Yapon dənizindəki Takeşima adalarından birinə səfər edib. Həmin gün Koreya Respublikasında 1945-ci ildə yapon idarəçiliyinin başa çatması günü kimi qeyd edilir.
Koreya Respublikasının nəzarəti altında olan həmin adalara Yaponiya da iddialıdır. Yaponiya hökumətinin mövqeyinə əsasən, Koreya Respublikası tərəfindən qeyri-qanuni şəkildə işğal edilmiş bu adalar Yaponiyanın ayrılmaz tərkib hissəsidir.
Koreya Respublikasının KBS televiziya kanalının verdiyi məlumata görə, avqustun 15-də səhər saatlarında hakim və müxalifətdən olan bir qrup deputat Takeşima adalar qrupuna daxil olan adalardan birinə səfər edib. Onlar həmin adaya Seulda mindikləri helikopterlə gəliblər.
Müşahidəçilərin qənaətinə görə, səfərin məqsədi Yaponiya tərəfinə həmin adaların məxsusluğu ilə bağlı Koreya Respublikasının kəskin mövqeyini nümayiş etdirməkdir.
Hadisəyə münasibətini açıqlayan Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa koreyalı deputatların bu hərəkətindən təəssüfləndiyini bildirib.
Y.Suqa qeyd edib ki, həmin səfər Yaponiya tərəfinin mövqeyi baxımından qəbulolunmazdır. Tokionun etirazlarına baxmayaraq səfərin baş tutması ancaq dərin təəssüf hissi doğurur.
Baş katibin sözlərinə görə, Yaponiya hökuməti məsələyə münasibətini Koreya Respublikasına çatdırıb və buna qəti etirazını bildirib. Tokio rəsmi Seuldan gələcəkdə belə halların baş verməsinin qarşısını almağı xahiş edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio