ELM VƏ TƏHSİL
Koreyalı torpaqşünas alim Bakı Dövlət Universitetində
Bakı, 22 sentyabr, AZƏRTAC
Koreyanın Seul Milli Universitetinin professoru Hi Yonq Ronun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbdə Koreya dili və ədəbiyyatının tədrisindən, Koreya universitetləri ilə əməkdaşlıqdan, elm və təhsil istiqamətində görülən işlərin daha da genişləndirilməsindən danışıb. Rektor ötən il koreyalı alimlərin iştirakı ilə universitetdə keçirilən simpoziumdan, Koreya mərkəzinin fəaliyyətindən də söz açıb.
Seul Milli Universitetinin kənd təsərrüfatı və biotexnologiya fakültəsində torpaqşünaslıq üzrə dərslər apardığını, torpaqda hərəkətlilik üzrə çoxlu sayda araşdırmaların müəllifi olduğunu söyləyən Hi Yonq Ro, eyni zamanda, universitetin laboratoriyasında orqanik maddələrin aşkarlanması və onların sertifikatlaşdırılması ilə bağlı işlər gördüyünü bildirib.
Görüşdə torpaqşünaslıq, aqrokimya, ekologiya, nanotexnologiya sahəsində əməkdaşlıq, müəllim-tələbə mübadiləsi, birgə layihələrin reallaşdırılması və digər məsələlər müzakirə edilib.
Qonaq BDU-nun Koreya Mərkəzi, ekologiya və torpaqşünaslıq fakültəsi, nanotexnologiya və digər laboratoriyalarla da tanış olub.