CƏMİYYƏT


Koreyanın Azərbaycanda məcburi köçkünlərlə bağlı reallaşdırdığı layihələrə dair müzakirələr aparılıb

Bakı, 22 may, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Çoi Yonjaen ilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanla Koreya arasında son illər iqtisadi, siyasi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyən Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizdəki məcburi köçkünlərin sosial problemlərinin həllində koreyalı mütəxəssislər tərəfindən humanitar layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib. O, koreyalı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin müntəzəm qayğı və diqqəti sayəsində həyata keçirilən tədbirlər və digər məsələlər barədə hərtərəfli məlumat verib. F.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan belə bir ağır problemlə üzləşdiyi dövrlərdə əgər BMT qurumlarının, bir sıra ölkələrin, müxtəlif beynəlxalq humanitar təşkilatların köməyi olmasaydı fəlakətlə üz-üzə qalardı.

Belə bir vaxtda Koreyanın humanitar təşkilatlarının da ölkəmizdəki qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardımların böyük önəm kəsb etdiyi vurğulanan görüşdə bildirilib ki, artıq öz iqtisadi imkanlarını getdikcə artıran Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürərək bu istiqamətdə dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunəyə çevrilib. Ancaq bütün bunlar o demək deyil ki, indi Azərbaycanda beynəlxalq humanitar təşkilatların layihələrinə ehtiyac yoxdur. Əksinə, indi xüsusilə, icmaların inkişafına, məcburi köçkünlərin məşğulluğunun artırılmasına, təhsilə, səhiyyəyə, müxtəlif inkişaf layihələrinə ehtiyac duyulur ki, bu baxımdan Koreyanın Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirdikləri bir sıra layihələr də olduqca mühüm əhəmiyyət kəsb edir.

Koreyalı qonaq müzakirələr zamanı bildirib ki, hazırda məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə müvafiq layihələrin həyata keçiriləcəyi ilə bağlı müəyyən işlər aparılır və elə bu görüşə də onları maraqlandıran bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün gəliblər.

Qonaq onları maraqlandıran suallara ətraflı cavab aldıqlarına görə minnətdarlıqlarını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.