İQTİSADİYYAT


Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycan üçün faydalı ola bilər

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Koreya Respublıkasının daxili işlər naziri Honq Yun-Sıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, “Elektron hökumət” quruculuğu istiqamətində qarşılıqlı təcrübə mübadiləsi, nüvə, peyk sənayesi, poçt rabitəsi sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ölkələrimiz arasında siyasi-iqtisadi münasibətlərin inkişafından söhbət açan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ikitərəfli əməkdaşlığın bütün sahələrdə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində də uğurla davam etdiyini bildirib.

R.Quluzadə Koreyanın İKT sahəsində əldə etdiyi nailiyyətlərin və uğurlu təcrübənin Azərbaycan üçün faydalı ola biləcəyini qeyd edib.

Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən İKT layihələrində iştirakından danışan nazir ölkəmizin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir bu baxımdan Bakıda keçiriləcək “Bakutel-2016” beynəlxalq informasiya texnologiyaları sərgi-konfransının əlverişli platforma olduğunu bildirərək, Koreya tərəfini sərgidə iştiraka dəvət edib.

Honq Yun-Sık, öz növbəsində, Azərbaycan-Koreya münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda hazırda “Elektron hökumət” quruculuğu istiqamətində uğurlu işlər həyata keçirilir. Nazir son 8 il ərzində ölkəsinin BMT-nin “Elektron hökumətin inkişaf indeksi” üzrə tərtib etdiyi hesabatda liderliyini qeyd edərək, bu istiqamətdə Azərbaycana istənilən dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, həmçinin BMT-nin hesabatında Azərbaycanın mövqeyinin xeyli yüksəlməsinə görə təbrik edərək, bu uğuru RYTN-in həyata keçirdiyi səmərəli işlərin nəticəsi kimi qiymətləndirib.

Koreyalı nazir İKT sahəsində daha yüksək nəticələrin əldə edilməsi üçün azərbaycanlı kadrlara treninqlərin keçirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.

RYTN üçün “Elektron hökumət” təlim-tədris mərkəzinin yaradılması və texniki təchizatında göstərdiyi dəstəyə görə Koreya dövlətinə təşəkkürünü bildirən R.Quluzadə bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.