İQTİSADİYYAT
Koreyanın Sunqşil Universitetində tələbələrə Azərbaycanın "Elektron Hökumət" modeli barədə məlumat verilib
Bakı, 14 iyun, AZƏRTAC
"Elektron hökumət" portalının (www.e-gov.az) istifadəyə verilməsi ilə Azərbaycan elektronlaşmada yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələ vahid məkandan rahat xidmətlərin təqdim olunması üçün yerli və mərkəzi icra orqanlarının fəaliyyətini birləşdirib. Bu dövrü müxtəlif sahələr üzrə fəaliyyət göstərən idarəetmə strukturlarını vətəndaşlara yaxınlaşdıran vahid standartlar dövrü kimi də təsnif etmək olar.
Portaldan AZƏRTAC-a bildirilib ki, artıq 5 illik fəaliyyətin müsbət nəticəsindən ölkənin xaricdə təhsil alan tələbələri də inamla danışır. Koreyada Sunqşil Universitetində informasiya texnologiyaları mühəndislik ixtisası üzrə təhsil alan həmvətənimiz Leyla Əliyeva Azərbaycanın "Elektron hökumət" modeli və “elektron imza” barədə tələbələrlə seminar keçirib.
Təqdimat ərzində "Elektron hökumət" portalının texniki infrastrukturu və portal əyani olaraq tələbələrə nümayiş etdirilib. Həmçinin elektronlaşmanın mühüm elementi olan “elektron imza”nın tətbiqindən bəhs olunub.
O, ölkənin "Elektron hökumət" portalına 42 qurumun fəaliyyət məkanı, həmçinin sosial məsələlərə innovativ yanaşmanın ünvanı kimi baxdığını söyləyib. L.Əliyeva zaman-zaman portalın arayış xidmətlərindən istifadə etdiyini bildirib, bu elektron xidmətlərin vaxta, kağıza, işçi potensialına qənaət özəlliyini vurğulayıb.
Seminar qarşılıqlı sual və müzakirələrlə yekunlaşıb.