İQTİSADİYYAT
Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi bu gündən başlayaraq gecə saat 02:00-dək fəaliyyət göstərəcək
Bakı, 10 may, Elvin Camalov, AZƏRTAC
Mayın 10-dan başlayaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi gecə saat 02:00-dək fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
İş qrafikinin dəyişdirilməsində məqsəd Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə hazırlıq işlərində iştirak edən könüllülərin, texniki personalın və digər şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaqdır. Artıq bununla bağlı Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olan marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib.
M.Ağayev qeyd edib ki, 2 və 96 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilərək Bakı Atıcılıq Mərkəzinə qədər uzadılıb. Bu, Mərkəzdə keçiriləcək yarışlara tamaşaçıların, könüllülərin və işçi qüvvəsinin rahat gediş-gəlişini təmin edəcək .