İQTİSADİYYAT
Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı treninq keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair "Müşahidə Şurası" mövzusunda treninq keçirilib.
Tədbirdə müvafiq dövlət qurumlarının və 30-a yaxın sənaye müəssisəsinin nümayəndələri iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə Müşahidə Şurasının səlahiyyətləri, strukturu və komitələri, həmçinin şura üzvlərinin hüquq və vəzifələri barədə məlumat verib, şuranın tərkibində fəaliyyət göstərən müstəqil direktorların hüquqi statusu və onların şuranın fəaliyyətində rolunu diqqətə çatdırıb.
Təlimdə Müşahidə Şurası İnstitutunun yaradılmasında mövcud beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb.
Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı nazirlik tərəfindən 8 mövzu üzrə treninqlərin keçirilməsi nəzərdə tutulur.