CƏMİYYƏT
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 25 may, AZƏRTAC
Kiyevdə GUAM-ın korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları da iştirak ediblər.
Tədbirdə iştirakçı dövlətlərin nümayəndələri çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyət barədə statistik məlumatlar təqdim edib, bu sahədə müsbət və mənfi dinamikaları təhlil edərək müvafiq dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər irəli sürüblər. Çirkli pulların yuyulmasında elektron valyutaların istifadəsi, təşkilata daxil olan ölkələrin milli antikorrupsiya qurumlarında həyata keçirilən struktur islahatlar ətrafında müzakirələr aparılıb.
Bundan başqa, Xorvatiya Ədliyyə Nazirliyinin dəstəyi ilə Zaqrebdə ATƏT və Regional Antikorrupsiya Təşəbbüsü və Təhlükəsizlik üzrə Əməkdaşlıq Mərkəzi tərəfindən “Korrupsiyanın qarşısının alınması sahəsində səmərəli tədbirlər” mövzusunda beynəlxalq görüş keçirilib.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşının qatıldığı tədbirdə milli antikorrupsiya strategiyası üzrə monitorinqin metodikası, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində korrupsiyanın qarşısının alınması sahəsində əldə edilmiş uğurlar, həll olunmamış problemlər, habelə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin dövlət sektorunda korrupsiyanın qarşısının alınması və digər məsələlər ətrafında çıxışlar olub.
Hər iki tədbirdə Azərbaycan Prokurorluğunun nümayəndələri Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat veriblər.