CƏMİYYƏT
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
Azərbaycan Respublikası Prokurorluğu “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müddəalarına uyğun olaraq beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumların nümayəndələri üçün Polşanın Korrupsiyaya qarşı mübarizə üzrə Mərkəzi Bürosu və Litvanın Xüsusi İstintaq Xidməti tərəfindən oktyabrın 20-24-də Varşavada kurslar təşkil olunub.
Avstriya, Latviya, Litva, Estoniya, Rumıniya, Xorvatiya və Moldovadan olan 25-ə yaxın nümayəndənin qatıldığı tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mütəxəssislər qrupunun rəhbəri Rəşid Mahmudov təmsil edib.
Tədbir çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nəticələr və korrupsiya riskləri müzakirə edilib, mövzu ilə əlaqədar R.Mahmudov tərəfindən təqdimat keçirilib. Kursda, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyət araşdırılıb, problemli məsələlər öyrənilib və inkişaf meyillərinin müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.
Bundan başqa, Malayziya Antikorrupsiya Komissiyasının Akademiyası tərəfindən oktyabrın 13-dən 28-dək Kuala Lumpurda “İxtisaslaşmış dürüst məmur” adlı tədris proqramı keçirilib.
Müxtəlif ölkələrin antikorrupsiya qurumlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokuroru Sahib İsmayılov təmsil edib.
Malayziyanın, Böyük Britaniyanın, Avstraliyanın, Sinqapurun və mötəbər beynəlxalq təşkilatların korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, həmin ölkələrin bu sahədə müsbət təcrübəsi, qabaqlayıcı tədbirlər, dövlət qulluqçuları üçün etik-davranış kodekslərinin əhəmiyyəti, maraqlar toqquşması və digər mövzularda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.