SİYASƏT
Kosta-Rika Azərbaycan ilə əlaqələrin inkişafına önəm verir
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı və eyni zamanda Kosta-Rika Respublikasındakı səfiri İlqar Muxtarov Kosta-Rikaya səfəri çərçivəsində bu ölkənin xarici işlər və etiqad naziri Manuel Antonio Qonsales Sans ilə görüşüb.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir ölkəmizin iqtisadi, siyasi və mədəni həyatına dair məlumat verib. O, Manuel Antonio Qonsales Sansın Azərbaycana cari ilin oktyabr ayında nəzərdə tutulan səfərinin iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.
Səfir Azərbaycanın Kosta-Rika ilə münasibətlərindən və ölkəmizin 2000-ci ildən bəri Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçi statusu olmasından danışıb, bu məsələdə Kosta-Rikanın xüsusi dəstəyinin olduğunu vurğulayıb.
Diplomat Azərbaycanın xarici siyasətində Latın Amerikası dövlətləri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycanın Kosta-Rika ilə əməkdaşlığın bütün sahələrdə inkişaf etməsində maraqlı olduğunu diqqətə çatdırıb. Əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanmasının və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin zəruriliyi bildirilib.
Ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafının vacibliyini bildirən nazir böyük məmnunluqla Azərbaycana səfər edəcəyini deyib, bunun ikitərəfli əlaqələrdə yeni səhifə açacağını, münasibətlərin genişləndirilməsində mühüm addım olacağını vurğulayıb. Nazir iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin önəminə diqqət çəkərək bunun ikitərəfli siyasi dialoq mexanizminin təsis olunmasına xidmət edəcəyini diqqətə çatdırıb.
Görüşdə regional məsələlər haqqında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.