DÜNYA


Krakovda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası başlanıb

Varşava, 3 iyul, AZƏRTAC

Krakovda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası başlanıb. Açılış mərasimində Polşa Prezidenti Ancey Duda və UNESCO-nun baş direktoru İrina Bokova iştirak ediblər.

Sessiyaya dünyanın müxtəlif ölkələrindən 3 min qonaq gəlib. Tədbir çərçivəsində dünya mədəni və təbii irsinə dair 200-dək qərar qəbul olunacaq. Polşa mədəniyyət və milli irs naziri Pyotr Qlinskinin fikrincə, Polşa hökuməti tərəfindən təşkil edilən bu sessiya beynəlxalq miqyasda ən böyük tədbirdir.

İclaslar Krakovda ICE konqres mərkəzində keçirilir. İlk növbədə, 34 məkandan hansının UNESCO-nun Dünya İrsi Siyahısına salınması barədə qərar qəbul ediləcək. Polşa tərəfdən bu, Tarnuv dağlarının yeraltı su təchizatı sistemi ilə birlikdə qurğuşun, gümüş və sink çıxarılmış qədim şaxtasıdır.

Fələstinin təcili namizədliyini irəli sürdüyü qədim Hevron şəhəri, təşkilatçıların fikrincə, diskussiyalarda canlanma yaradacaq.

Bundan başqa, UNESCO-nun Ümumdünya İrs Komitəsi Dünya İrsi Siyahısına salınmış 99 yerin qorunma vəziyyətini, habelə təhlükə altındakı obyektlərin vəziyyətini müzakirə edəcək. Sessiya çərçivəsində Suriyanın Hələb şəhərinin sakinləri üçün xeyriyyə aksiyası keçiriləcək.

UNESCO təhsil, elm, mədəniyyət və informasiya sahəsində çoxtərəfli əməkdaşlıq təşkilatıdır. Hazırda 195 dövlət bu təşkilatın üzvüdür. Ümumdünya İrs Komitəsinə 21 iştirakçı ölkə daxildir. 1972-ci ildə təşkilatın “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyası” qəbul edilib. Komitəyə Anqola, Azərbaycan, Burkina-Faso, Xorvatiya, Filippin, Finlandiya, İndoneziya, Yamayka, Qazaxıstan, Kuba, Küveyt, Livan, Peru, Portuqaliya, Koreya Respublikası, Tunis, Türkiyə, Vyetnam, Zimbabve, Tanzaniya Birləşmiş Respublikası və Polşa daxildir. Polşa təşkilatın mövcudluğu tarixində ikinci dəfədir Komitə üzvü olur. Ölkənin hazırkı səlahiyyət müddəti 2013-cü ildən başlanıb və bu ilin oktyabrında başa çatır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.