DÜNYA


Kraliça II Elizabet Britaniya tarixində öz nikahının 65-ci ildönümünü qeyd edən ilk monarx olmuşdur

Bakı, 20 noyabr (AzərTAc). Kraliça II Elizabet Britaniya tarixində nikahının 65-ci ildönümünü qeyd edən birinci suveren olmuşdur. Noyabrın 20-də kraliça və onun həyat yoldaşı Edinburq hersoqu şahzadə Filip bu ailə tarixini yaxınlarının əhatəsində qeyd edirlər.
Şərhçilər bildirmişlər ki, “Bu, heç bir Britaniya monarxının nail ola bilmədiyi bir zirvədir və bu zirvəni yenidən fəth etmək qeyri-mümkün ola bilər”. Lester Universitetinin sosial tarix professoru Stiven Kinq demişdir: “Böyük Britaniyada nikaha daxil olmaq üçün orta yaş həddi hazırda 30 və daha yuxarıdır, halbuki Kraliça Viktoriya (1819-1901) taxta 1837-ci ildə çıxmışdır. Onda gəlinin orta yaş həddi maksimum 22-23 yaş təşkil edirdi. Bu arada boşanmaq prosesi asanlaşmış və ötən əsrin 60-70-ci illərindən etibarən getdikcə artmışdır. Odur ki, kiminsə kraliçanın rekordunu təzələməsi ehtimalı getdikcə azalır.
1939-cu ildə Yunanıstan və Danimarka şahzadəsi Filiplə tanış olanda şahzadə Elizabet 13 yaşında idi. O vaxtlar Filip dəniz kadeti idi. Ona Kral VI Georqun Dartmut dənizçilik kollecinə gedən qızlarını müşayiət etmək tapşırılmışdı. O vaxt Filip gələcək nişanlısı ilə kroket oynamışdı. Sonralar – müharibə illərində onlar məktublaşmağa başlamışdılar. Elizabetlə Filipin nikah mərasimi 1947-ci il noyabrın 20-də Vestminster abbatlığında olmuşdur.
II Elizabet müharibədən sonrakı sərt qənaət dövründə gəlin paltarı tikdirmək üçün lazımi qədər parça almaq məqsədi ilə paylayıcı kartoçkalardan istifadə etməli olmuşdur. Gəlin libasının dizayneri Norman Hartell idi. Cütlük toy günü istər Britaniyadan, istərsə də Birlik ölkələrindən təxminən 2,5 min hədiyyə almışdı.
Edinburq hersoqu şahzadə Filip Britaniya tarixində konsort adını hamıdan çox daşımışdır.
Kraliça Viktoriya ölkəni II Elizabetdən daha çox idarə edən yeganə Britaniya monarxıdır. O, həyat yoldaşı şahzadə Albertlə 20 il xoşbəxt ömür sürmüşdür. 1861-ci ildə dul qalan Viktoriya 40 il ərzində matəm saxlamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır