MƏDƏNİYYƏT


Krasnoyarskda Nar bayramı keçirilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Rusiyanın Krasnoyarsk şəhərində yaşayan azərbaycanlılar Nar bayramı keçiriblər. Tədbir Krasnoyarsk diyarı Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk regional bölməsi və Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi tərəfindən təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bayram çərçivəsində Azərbaycan xalqının ədəbiyyatı, milli geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, nardan hazırlanmış ənənəvi milli mətbəx nümunələrindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin keçirildiyi səhnə dəstərxan, milli xalçalar, narla dolu toxunma səbətlər və bannerlərlə bəzədilib.

Bayram şənliyində “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı, müğənnilər, həmçinin şən və hazırcavablar komandasının üzvləri çıxış ediblər, kiçik müsabiqələr təşkil olunub.

Tədbirdə Krasnoyarsk diyarı Qubernatorunun İctimai Əlaqələr İdarəsinin, Dostluq Evinin nümayəndələri, ÜAK-ın yerli təmsilçiləri, digər ictimai birliklərin rəhbərləri, KİV nümayəndələri, azərbaycanlılar, yerli sakinlər iştirak ediblər.

Azərbaycan diaspor fəalı Səadət Qarayeva KİV nümayəndələrinə narın vətəni Azərbaycanla bağlı, xalqımızın zəngin milli-mədəni irsi, onun musiqisi, milli mətbəxi, adət-ənənələri barədə məlumat verib. O bildirib ki, bu bayram şənliyi, yerli sakinlərin tədbirdə iştirakı Azərbaycan və Rusiya, eləcə də xalqlarımız arasındakı çoxəsrlik qonşuluq, həmçinin dostluq münasibətlərini növbəti dəfə ahəngli şəkildə əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.