İQTİSADİYYAT
Kredit bürolarının yaradılması beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsini təmin edə bilər
Bakı, 9 fevral, AZƏRTAC
"Azərbaycan Kredit Bürosu" MMC-nin baş ofisinin, texniki platformasının formalaşdırılması prosesi gedir. Artıq bank və bank olmayan kredit təşkilatları ilə ikitərəfli müqavilələr imzalanıb. Bütün bunlar başa çatdıqdan sonra MMC kredit məlumatlarının toplanmasına, təhlilinə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Kredit Bürosu" MMC-nin baş direktoru Elçin Həbibov deyib.
Baş direktor qeyd edib ki, MMC Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Mərkəzləşdirilmiş Kredit Reyestri ilə müqayisədə daha keyfiyyətli xidmətlər göstərəcək. Həmçinin onun məlumat dairəsi daha geniş olacaq. Gələcəkdə büroya məhkəmələrdə olan borc mübahisələri, cərimələrlə bağlı məlumatların da ötürülməsi nəzərdə tutulub.
E.Həbibov büronun fəaliyyətə başlaması üçün artıq lazımi lisenziyaların alındığını diqqətə çatdırıb.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qeyd edib ki, vətəndaşlar öhdəlikləri ilə bağlı maksimum məsuliyyətli olmalıdırlar. İndiyədək formalaşmış məlumatlar Kredit Bürosuna ötürüləcək. Bu məlumatlar bundan sonra 10 il büronun bazasında saxlanılacaq.
"İstənilən fiziki şəxs özəl kredit bürosu yarada bilər. Bu, qanunvericiliklə qadağan olunmayıb. Özəl kredit bürosu kommersiya təşkilatıdır və bağlanmış müqavilə əsasında xidmət göstərəcək. Yeni kredit bürolarının yaradılması qanunla qadağan olunmur. İstənilən fiziki şəxs özəl kredit bürosu yarada bilərlər. Bu ilk özəl kredit bürosu banklar tərəfindən yaradılıb. Gələcəkdə yeni kredit büroları yaradıla bilər", - deyə Z.Nuriyev qeyd edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov diqqətə çatdırıb ki, "Azərbaycan Kredit Bürosu" MMC-nin yaradılması ilə kredit portfelinin həcmi artacaq. Eyni zamanda, büronun fəaliyyətə başlaması borcalanlar haqqında daha dəqiq məlumatların əldə edilməsinə, ölkədə maliyyə intizamının güclənməsinə şərait yaradacaq. "Hazırda əhalinin 37 faizi Mərkəzləşdirilmiş Kredit Reyestri xidməti ilə əhatə olunub. Xidmətin nəzarətində indiyədək verilmiş 12 milyondan çox kreditə dair məlumatlar mövcuddur", - deyə A.Zülfüqarov qeyd edib.
Kredit bürosunun yaradılmasının ölkədə aparılan kompleks iqtisadi islahatların tərkib hissəsi olduğunu deyən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri Ayaz Çaparlı qeyd edib ki, bu büroların fəaliyyəti beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da gücləndirilməsini təmin edə bilər. Məqsədimiz beynəlxalq reytinqlərdə mövqeyimizin gücləndirilməsindən daha çox ölkədə zəruri işlərin görülməsidir: Real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlıq bərpa ediləcək, bankların dayanıqlılığının və real sektora maliyyə axınının gücləndirilməsi sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və bu iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının artırılmasına əlavə dəstək verə bilər.