İQTİSADİYYAT
Kremençuq neft emalı zavodu Azərbaycandan neft idxal edəcək
Kiyev, 2 noyabr, AZƏRTAC
“Ukrtatnafta” Açıq Səhmdar Cəmiyyəti (ASC) və magistral neft kəmərlərinin operatoru “Ukrtransnafta” ASC 2017-ci ildən başlayaraq Poltava vilayətindəki Kremençuq neft emalı zavodunu ildə azı 1,3 milyon ton “Azeri Light” markalı neftlə təmin etmək barədə razılığa gəliblər. Bu barədə “İnterfaks-Ukrayna” agentliyi “Ukrtransnafta”nın baş direktorunun birinci müavini Andrey Pasişnikin bəyanatına istinadla məlumat verib.
A.Pasişnik deyib: “Niyyət protokolu imzalanıb. Kremençuq neft emalı zavodu yaxın üç ildə 4 milyon tondan çox Azərbaycan nefti alacaq, dövlət isə neft təchizatının real şaxələnməsinə, “Ukrtransnafta”dan əlavə gəlirə, habelə idxal neft məhsullarından asılılığın azalmasına nail olacaq”.
O əlavə edib ki, tərəflərin noyabrın 2-də imzaladığı protokol Odessa-Kremençuq neft kəmərinin beş il işləməyən sahəsinin yenidən işə salınmasını nəzərdə tutur.
A.Pasişnik deyib: “Çoxsaylı danışıqlar zamanı tərəflər mövcud məhkəmə təhqiqatı məsələsini Kremençuqda neft kəmərinin işinin bərpa olunması məsələsindən ayırmaq barədə kompromisə gəliblər”.
Onun sözlərinə görə, hazırda həmin neft kəməri ilə nəql olunan “Urals” markalı neftin “Azeri Light” markalı neftlə əvəzlənməsi üçün hökumətdən icazə alınmalıdır.
“Ukrtransnafta”nın baş direktorunun birinci müavini fikrini belə yekunlaşdırıb: “Biz ümid edirik ki, həmin razılaşmanı yaxın həftələr ərzində əldə edə biləcəyik, çünki zavod neftin ilk partiyalarının bizim sistemlə nəqlini 1,5-2 aydan sonraya nəzərdə tutub”.
AZƏRTAC-ın xəbər verdiyi kimi, daha əvvəl Ukrayna neft emalı zavodlarının Azərbaycan nefti ilə təchiz edilməsi barədə dövlətlərarası səviyyədə razılaşmalar əldə olunub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev