DÜNYA
Kremlin mətbuat xidməti Rusiya və Türkiyə prezidentlərinin telefon söhbəti barədə
Moskva, 29 iyun, AZƏRTAC
Kremlin mətbuat xidmətindən bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin ticarət və digər sahələrdə əməkdaşlığın bərpa edilməsi üçün Türkiyə ilə danışıqlara başlamaq barədə ölkə hökumətinə göstəriş verib.
Bu barədə Rusiya Prezidentinin Nazirlər Kabinetinin üzvləri ilə keçirdiyi müşavirədə söhbət açılıb. Görüş Rusiya tərəfinin təşəbbüsü ilə Prezident Vladimir Putinin Prezident Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığından dərhal sonra keçirilib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər söhbətin nəticələrinə əsasən ikitərəfli şəxsi görüş keçirmək imkanlarını müzakirə edəcəklər. Məlumatda deyilir: “Ümumiyyətlə, söhbət işgüzar və konstruktiv xarakter daşıyıb və çoxşaxəli ikitərəfli əməkdaşlığın ənənəvi dostluq xarakterinin bərpasına yönəlib”.
İki ölkə lideri həmçinin iyulun 1-də Soçidə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin iclasında Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirlərinin görüşü barədə razılığa gəliblər. Bu görüşdə Suriya probleminin həlli başda olmaqla həm regiondakı vəziyyət, həm də Rusiya-Türkiyə münasibətlərinin gələcək inkişafına dair aktual məsələlər müzakirə olunacaq.
Kremlin məlumatında qeyd olunur: “Telefon söhbətində Rusiya lideri ticari-iqtisadi və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı bərpa etmək məqsədilə Türkiyənin müvafiq orqanları ilə danışıqlara başlamaq üçün hökumətə göstəriş verəcəyini bildirib. Həmçinin rusiyalı turistlərin Türkiyəyə səfəri ilə bağlı məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılmasının nəzərdə tutulduğu qeyd edilib. Eyni zamanda, Türkiyə hökumətinin ölkə ərazisində Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atmasının vacibliyi diqqətə çatdırılıb”.
V.Putin vurğulayıb ki, Türkiyə Prezidentinin Rusiyaya məxsus Su-24 hərbi təyyarəsi ilə bağlı faciəli insidentdən duyduğu üzüntünün ifadə edildiyi məktub ikitərəfli münasibətlərdə böhranlı səhifəni çevirmək, beynəlxalq və regional problemlərə, eləcə də Rusiya-Türkiyə münasibətlərinin bütün kompleksinin inkişafı üzrə əməkdaşlığın bərpa prosesini başlamaq üçün şərait yaradıb. Mətbuat xidmətinin məlumatında daha sonra deyilir: “Bu kontekstdə Rusiya pilotunun ölümündə ittiham olunan Türkiyə vətəndaşına qarşı məhkəmə istintaqının obyektiv xarakter daşıyacağına əminlik bildirilib”.
Rusiya Prezidenti V.Putin həmçinin İstanbul hava limanında çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib.
Kremlin mətbuat xidmətinin məlumatında qeyd edilir: “Hər iki tərəfdən hamı üçün ümumi olan terror təhdidinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğu vurğulanıb”.
Bu söhbətdən dərhal sonra Prezident V.Putin hökumətə iki ölkə arasında münasibətlərin normallaşması prosesinin başladığını bildirib. Hökumət üzvləri ilə müşavirəni açan Rusiya dövlət başçısı deyib: “Türkiyə Prezidentindən ünvanımıza gələn məktubdan sonra türk tərəfdaşları ilə münasibətlərin normallaşdırılması prosesini başlamaq barədə qərar qəbul olunub”.
Rusiya Prezidentinin qeyd etdiyi kimi, Türkiyə Prezidenti əmin edib ki, Türkiyə rəhbərliyi ölkə ərazisində Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün özündən asılı olan hər şeyi edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva