İDMAN
Kriştiano Ronaldo ilin ən yaxşı futbolçusu seçilib VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də FIFA yola saldığımız 2014-cü ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə Portuqaliya millisinin və Madridin “Real” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top”un sahibi olub. K.Ronaldo bu mükafata artıq üçüncü dəfə layiq görülür. O, daha əvvəl 2008-ci və 2013-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.
Qadınlar arasında ilin ən yaxşı futbolçusu Nadin Kessler (Almaniya, “Volfsburq”), kişilər arasında ilin ən yaxşı baş məşqçisi Yoahim Löv (Almaniya millisi), qadınlar arasında ilin ən yaxşı baş məşqçisi Ralf Kellermann (Almaniya, “Volfsburq”) olublar.
Tədbirdə, həmçinin ilin rəmzi komandası da seçilib. Manuel Noyer, Filip Lam, Serxio Ramos, David Luiz, Tyago Silva, Anxel Di Maria, Andreas İniesta, Toni Kroos, Leonel Messi, Kriştiano Ronaldo, Arien Robben rəmzi komandada yer alıblar. Əfsanəvi macarıstanlı hücumçu Ferens Puşkaş adına “İlin ən gözəl qolu” mükafatına kolumbiyalı Xames Rodriqes sahib olub.
“FIFA prezidentinin mükafatı”na əfsanəvi yapon futbolçusu Hiroşi Kaqava, “Fair Play” mükafatına isə FIFA könüllüləri layiq görülüb.
Xatırladaq ki, “Qızıl top”a sahib olmaq üçün K.Ronaldo ilə yanaşı, Argentina milisinin və “Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyer də mübarizə aparırdı. L.Messi bu mükafatı dörd dəfə - 2009-cu, 2010-cu, 2011-ci, 2012-ci illərdə qazanıb.