DÜNYA
Kriştianu Ronaldu UEFA-nın prezidenti Mişel Platininin əlini sıxmaqdan imtina etdi
Bakı, 22 dekabr, AZƏRTAC
Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu klublararası dünya çempionatının finalından sonra Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platininin əlini sıxmaqdan imtina edib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Real” tarixində ilk dəfə Mərakeşdə keçirilən final oyununda Argentinanın “San-Lorenso” kollektivini 2:0 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının qalibi olub.
Təntənəli təltifetmə mərasimində Ronaldu Platininin əlini sıxmaqdan imtina edib. Bir qədər əvvəl UEFA-nın prezidenti 2014-cü il üçün “Qızıl top”a Almaniya millisinin tərkibində dünya çempionu olmuş Manuel Noyerin layiq olduğu fikrini bildirmişdi.
Qeyd edək ki, alman qapıçıdan başqa bu ad uğrunda məhz Kriştianu Ronaldu və Lionel Messi də mübarizə aparırdılar.