SİYASƏT


Kristina Barcero: Azərbaycandakı tolerantlıq və multikultural ənənələr demokratiyanın göstəricisidir

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İtaliya parlamentinin senatorları və deputatlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını Milli Məclisdə salamlayan Ziyafət Əsgərov dövlətlərarası və beynəlxalq münasibətləri möhkəmləndirmək üçün bu tədbirin yaxşı platforma olduğunu vurğulayıb. Milli Məclis sədrinin birinci müavini ölkəmizdə İtaliya ilə əməkdaşlığa önəm verildiyini deyib. Azərbaycanın iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsinə tərəfdar olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidentinin İtaliyaya səfərləri zamanı bir sıra sənədlərin imzalandığını qeyd edən Ziyafət Əsgərov bildirib ki, Milli Məclis qanunvericilik fəaliyyətində həmin münasibətlərin hüquqi bazasını möhkəmləndirməyə çalışıb. Qeyd edilib ki, parlamentlərarası əlaqələrimiz inkişaf edir və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupumuzda 24 deputat təmsil olunur.

Görüşdə İtaliya senatında maliyyə işləri üzrə komitənin sədri senator Mauro Mariya Marino Milli Məclisin deputatı Azər Kərimlinin rəhbərlik etdiyi işçi qrupla sıx əlaqələrin qurulduğunu söyləyib. O, ölkəsində Azərbaycan ilə münasibətlərin inkişafına strateji baxımdan böyük əhəmiyyət verildiyini deyib. Senator təmsil etdikləri İtaliya parlamentinin hər iki palatasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dəstəkləndiyini xüsusi vurğulayıb. Qonaq Bakıdakı Humanitar Forumla bağlı xoş təəssüratlarını bölüşüb. Çoxşaxəli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinə beynəlxalq aləmdəki münasibətdən, nüfuzlu təşkilatlarda qəbul olunmuş qətnamələrdən söz açan Ziyafət Əsgərov ATƏT-in üzvü və sivil dövlət olaraq İtaliyanın bu problemin həllinə dəstəyini artırmasını arzulayıb. O, ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən danışaraq Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada həyata keçirilən layihələri qeyd edib. Əməkdaşlığın daha da inkişafı üçün çox yaxşı perspektivlər olduğunu deyib. Azərbaycanın regiondakı iqtisadi mövqeyi və yaxın gələcəkdəki imkanları barədə danışıb.

Xanım deputat Kristina Barcero vurğulayıb ki, Azərbaycandakı tolerantlıq və multikultural ənənələr demokratiyanın göstəricisidir.

Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov italiyalı senatorları və deputatları maraqlandıran bir sıra sualları cavablandırıb.

Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın ölkəmizdəki səfiri Canpaolo Kutillo iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.