DÜNYA
Kronen qəzeti: Avstriyalı gənc Vyana metrosunda terror aktı törətmək niyyətində olub
Vyana, 23 yanvar, AZƏRTAC
Avstriya hüquq-mühafizə orqanları tərəfindən şübhəli qismində saxlanılan 17 yaşlı alban əsilli gəncin geniş terrorçu şəbəkəsi ilə əlaqəli olduğu müəyyən edilib. Bu fikirləri Avstriyanın federal daxili işlər naziri Volfqanq Sobotka “Ö1” radiosuna verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, ilkin dindirilmələr zamanı gənc İŞİD terror qruplaşmasını dəstəklədiyini etiraf edib və həmin şəbəkə ilə maraqlandığını deyib.
Konkret terror əməlinin planlaşdırılmasına dair hələlik heç bir fakt aşkarlanmasa da, 17 yaşlı gəncin kommunikasiya şəbəkəsi qurması məlum olub və onun Almaniyanın Noyss şəhərində sıx əlaqə saxladığı digər şübhəli şəxs alman polisi tərəfindən həbs olunub.
“Kronen” qəzetinin yaydığı xəbərə görə, uzun müddətdən bəri polis nəzarətində olan avstriyalı gənc yanvar ayının ikinci yarısında Vyanada əhalinin sıx olduğu metro stansiyalarından birində bomba yerləşdirmək niyyətində olub və məhz buna görə də polis qabaqlayıcı tədbirlər görərək onu həbs edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana