SİYASƏT
Kuala Lumpurda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı pavilyon açılıb
Tokio, 21 oktyabr, AZƏRTAC.
Malayziyada fəaliyyət göstərən İƏT Beynəlxalq Biznes Mərkəzinin təşkilatçılığı ilə keçirilən 7-ci Ümumdünya Müsəlman Biznes və İnvestisiya Zonası beynəlxalq sərgisində Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən ölkəmizin müstəqilliyinin bərpasını 25-ci ildönümü münasibətilə xüsusi pavilyon açılıb.
Pavilyonda Azərbaycanın müstəqillik dövründə inkişafını, əldə etdiyi nailiyyətləri əks etdirən materiallar, buklet və jurnallar sərgilənib. Azərbaycan pavilyonunu ziyarət edənlərə dövlət müstəqilliyimiz və ölkəmizin nailiyyətləri haqqında, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması istiqamətində gördüyü işlər, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi islahatlar barəsində ətraflı məlumat verilib. Qeyd olunub ki, bu gün Azərbaycan müasir, demokratik ölkədir və son bir neçə ildə ölkəmiz iqtisadi artım sürətinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib.
Müstəqillik dövründə dövlətimiz tərəfindən həyata keçirilən və hazırda davam edən qlobal layihələr, Azərbaycanın ev sahibliyi etdiyi müxtəlif səpkili beynəlxalq tədbirlər də geniş işıqlandırılıb.
Pavilyonda, həmçinin Azərbaycanın turizm potensialı, iqtisadi inkişafı, investisiya imkanlarını, ixrac məhsulları haqqında əyani vəsaitlər sərgilənib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio