REGİONLAR
Kubalı musiqiçi: Dinləyici auditoriyasında müxtəlif yaşda olan insanları görmək çox gözəldir
Qəbələ, 3 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ festivalının proqramı çox zəngindir. Tamaşaçılar hər gün kamera musiqisi zalında və açıq havada keçirilən 2-3 konsertdə iştirak etmək imkanına malikdirlər. Əsas odur ki, keçirilən konsertlərə dinləyicilərin marağı böyükdür. Hər konsertdə 1000-dən çox tamaşaçının iştirak etməsi böyük uğurdur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən Kubanın “Jovenes Clasikos Del Son” Ansamblının rəhbəri Joze Manuel Rodrigues Arias deyib. O, festivalın yüksək səviyyədə keçməsi üçün hər kəsin əlindən gələni etdiyini bildirib: “Heç bir festivalda belə gözəl təşkilatçılığın şahidi olmamışam. Dinləyici auditoriyasında müxtəlif yaşda olan insanları görmək çox gözəldir. Burada biz həm gənclərin, həm də yaşlı nəslin nümayəndələrinin iştirakının şahidi olduq. Çox ölkələrdə belə hala rast gəlinmir, auditoriyanı adətən yaşlı insanlar təşkil edir. Amma Qəbələdəki musiqi tədbirində gənclər çoxluq təşkil edir”.
Kubalı musiqiçi deyib: “Festivalın Qəbələdə, yaşıl meşəli dağlar arasındakı mənzərəli məkanda keçirilməsi mükəmməl ideyadır. Burada olmağımızdan şərəf hissi duyuruq. Qəbələdə insanların bizə isti münasibətini gördük. Konsertdə tamaşaçıların bizimlə bərabər rəqs etməsi hər kəsə xoş təsir bağışladı”.