MƏDƏNİYYƏT
“Küçə teatrı və incəsənəti festivalı” adlı layihə həyata keçirilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Küçə teatrı və incəsənəti festivalı” adlı layihə həyata keçirilib.
İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi yaradıcı gənclərin dəstəklənməsi, onların asudə vaxtının səmərəli təşkili, küçə teatrının və incəsənətin təbliği, inkişafda olan yeni incəsənət növlərinə marağın artırılması olub. Layihə çərçivəsində aktyorluq, musiqi, rəqs və rəssamlıq istiqamətləri üzrə müsabiqə elan olunub. Müsabiqəyə 100-dən çox fərdi şəxs, 15-dək kollektiv müraciət edib. Münsiflər heyətinin qərarı ilə 35-dək iştirakçı yekun tədbirdə iştirak etmək hüququ qazanıb.
“Metropark” alış-veriş mərkəzində təşkil olunan tədbirdə pantomim, “stand up” və küçə aktyorları, portretçilər, karikaturaçılar, “face art” ustaları, klounlar, rəqqaslar və başqaları iştirak ediblər. Tədbirdə Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında geniş məlumat verilib. Gənclər bacarıq və istedadlarını nümayiş etdirməklə tamaşaçılar tərəfindən maraqla qarşılanıblar.
Sonda bir qrup gəncə şəhadətnamə və təşəkkürnamə təqdim olunub.