MƏDƏNİYYƏT


Kukla Teatrı mövsümü başa vurur

Bakı, 13 iyul, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci mövsümü başa vurur. Yeni tamaşalar, qastrol səfərləri, müxtəlif yerli və beynəlxalq festivallarda iştirak və uğurlu nəticələrlə yadda qalan mövsüm iyulun 16-da başa çatacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxacaqlar.

Teatrsevərlərə və kollektivə bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan son nümayiş təntənəli mərasimlə də yadda qalacaq. Belə ki, teatrın truppası və nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan səhnəciklər, musiqi nömrələri və mövsümə ümumi nəzər xarakterli videoçarx nümayiş olunacaq.

Bu mövsüm teatrın uğurlarında əməyi olan, məhsuldar fəaliyyəti ilə yadda qalan kollektiv üzvləri və studiya fəallarından bir neçə şəxsə müxtəlif nominasiyalarda mükafat və diplomların təqdim olunması da nəzərdə tutulur.

Qeyd edək ki, yubiley mövsümündə bir sıra uğurlara imza atan teatrın kollektivi XI Beynəlxalq “Muraveynik” və “Orteke” V Beynəlxalq Kukla Teatrları festivallarından yüksək mükafatla qayıdıb.

Mövsüm ərzində teatr müxtəlif ideya və mövzularda 6 yeni tamaşa (teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda “Turp” və “Qırmızıpapaq”, Anar Məmmədovun quruluşunda “Pişiyin evi”, “Unudulmuş kukla”, “Yeni il nağılı” və rus dillində “Durnabalığı”) hazırlayaraq teatrsevərlərin ixtiyarına verib.

Bundan başqa, “Oyuq” teatr-studiyasının balaca aktyor-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival”ında Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin ifaçılıq nominasiyasında birinci, autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” adlı ifaları ilə mahnı nominasiyasında ikinci yeri tutublar. Ümumilikdə, studiya il ərzində müxtəlif irimiqyaslı layihələri də uğurla reallaşdırıb.

Teatrın mövsümün sonuna həsr olunmuş bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı işıqlandıran KİV nümayəndələri də təltif ediləcək. Belə ki, Milli Mətbuat Günü ərəfəsində bir neçə media təmsilçisi “Teatrın dostu” mükafatı ilə təltif olunacaq. Qeyd edək ki, bu miqyasda mükafatlandırma təşəbbüsünü məhz Dövlət Kukla Teatrı gerçəkləşdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.