MƏDƏNİYYƏT


Kukla Teatrında “Açıq qapı” günü

Bakı, 7 mart, AZƏRTAC

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 10 mart - Azərbaycan Milli Teatr Günü münasibətilə bayram tədbiri təşkil ediləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, martın 9-da baş tutacaq tədbirdə əvvəlcə Azərbaycan teatrının keçdiyi yola nəzər salınacaq, yaranmasının 85 illiyini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrının tarixini əks etdirən videoçarx nümayiş olunacaq.

Sonra tamaşaçılara teatrın repertuarında yer alan əksər tamaşalardan ibarət səhnə çələngi təqdim ediləcək. Bu sırada teatrın klassikasına çevrilmiş “O olmasın, bu olsun”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Cırtdan”, “Məlikməmməd”, “Tıq-tıq xanım”, “Karlson”, “Pinokkionun sərgüzəştləri” tamaşaları, eləcə də son illər uğurlu səhnə həyatı ilə yadda qalan “Ağ və qara”, “Qoğal”, “Gözəl və Bədheybət”, “Oyaq gözəl” kimi nümunələrdən hissələr tamaşaçılara təqdim olunacaq. Bununla yanaşı, səhnədə teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları da çıxış edəcəklər.

Teatrın yaradıcı heyətinin teatrsevərlərə hədiyyəsi olan “Açıq qapı” günündə binanın foyesində müxtəlif ölçülü kuklaların sərgisi də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.