MƏDƏNİYYƏT
Kukla teatrı mövsümü başa vurub
Bakı, 15 iyul, AZƏRTAC
85 illik yubileyini qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir teatr mövsümünü uğurla başa vurub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yerli və xarici qastrollar, beynəlxalq teatr festivalları və uğurlu premyeralarla yadda qalan mövsümlə bağlı iyulun 15-də teatrda toplantı keçirilib.
Tədbirdə çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə mövsümün uğurlu yekunu ilə bağlı kollektivi təbrik edib və onlara xoş istirahət arzulayıb. O, mövsüm boyu teatrın əldə etdiyi yaradıcılıq uğurlarından, beynəlxalq və yerli qastrol səfərlərindən, beynəlxalq festivallarda qazanılan yüksək mükafatlardan söz açıb. Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının qazandıqları mükafatları da qeyd edən direktor bunun bütünlükdə teatrın uğuru olduğunu vurğulayıb.
Daha sonra mövsüm boyu uğurlu fəaliyyəti ilə seçilən teatrın əməkdaşları - Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Elnur Abasquliyev, Aygül Ağayeva və başqalarına fəxri fərmanlar təqdim olunub.