İQTİSADİYYAT
Kulevi Neft Terminalı 900-cü tankeri qəbul etdi
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan Kulevi Neft Terminalı 900-cü tankeri qəbul edib, yükləyib və yola salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat terminalın saytında yer alıb.
Kulevi Neft Terminalı və portu 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra porta ilk tanker yan alıb.
Terminal 2008-ci ilin iyun ayından 2009-cu ilin sentyabrınadək dedveyti 40 min ton olan tankerləri, 2009-cu ilin oktyabrından isə dedveyti 115 min ton olan müasir AFRAMAX da daxil olmaqla daha böyük gəmiləri qəbul edib.
2012-ci ilin iyununda Kulevi terminalında sıxılmış qazın qəbulu və yüklənməsi üzrə kompleks obyekt istismara verilib. Həmin ilin dekabrında terminaldan propilenlə yüklənmiş ilk gəmi yola salınıb. 2014-cü ildə isə Kulevi Neft Terminalında metanolun boşaldılması və yüklənməsi üzrə yeni nasos stansiyası müvəffəqiyyətlə istismara verilib.
Kulevi Neft Terminalının istismara verildiyi gündən indiyədək onun vasitəsilə 17,6 milyon ton yük göndərilib.
Terminalın rəhbərliyi hazırkı mərhələdə nəql edilən məhsulların çeşidinin artırılması üzərində işləyir. Eyni zamanda, portun akvatoriyasının tankerlərin gecə vaxtı qəbulu və çıxarılmasına imkan verən əlavə naviqasiya vasitələri ilə təchiz edilməsi nəzərdə tutulur.
Bütün bunlar terminal və portun buraxılış imkanlarının və müvafiq olaraq emal edilən gəmilərin miqdarının artmasına xidmət edəcəkdir.