MƏDƏNİYYƏT
Kulinarlarımız beynəlxalq çempionatın kubokunu qazanıblar
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 19-da keçirilmiş mətbuat konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyib.
Bildirilib ki, sentyabrın 12-dən 14-dək Rumıniyanın Şərqi Avropa Alternativ Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə reallaşan yarışda Azərbaycan, İtaliya, Yaponiya, İsrail, Kipr, Serbiya və Rumıniyadan aşpazlar iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşı, komandanın kapitanı Nərmin Babayeva çempionatda münsiflər heyətinin tərkibində iştirak edib.
Qeyd olunub ki, müxtəlif qruplar üzrə hazırlanmış yeməkləri münsiflər heyəti dadına, təqdim olunmasına, tərkibinin mürəkkəbliyinə və s. aspektlərinə görə qiymətləndiriblər.
Çempionatın nəticələrinə əsasən, komanda yarışında Anar Hüseynov, Seymur Cavadov, Hüseyn Quliyev qızıl medal və yarışın kubokunu qazanıblar. Fərdi yarışlarda Seymur Cavadov bir qızıl, 2 gümüş, Anar Hüseynov 2 gümüş, bir bürünc, Hüseyn Quliyev bir gümüş, 2 bürünc, Elnurə Quliyeva iki bürünc medala layiq görülüblər.
Komandanın bu yarışda iştirakı müsbət qiymətləndirilərək vurğulanıb ki, belə çempionatlar nəinki kulinariyanın inkişafına müsbət təsir edir, həmçinin müxtəlif ölkələr arasında əlaqələrin daha da genişlənməsinə təkan verir.
Çempionat yarışlarından əlavə, italiyalı aşpazların nümayiş etdirdikləri Pizza şousu da yadda qalan olub.