MƏDƏNİYYƏT
Kulinarlarımızın növbəti uğuru
Bakı, 27 aprel, Aynur İsmayılova, AZƏRTAC
Aprelin 27-də “Trend” Mətbuat Mərkəzində kulinarlarımızın Monteneqronun Budva şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında əldə etdiyi uğurlar barədə geniş məlumat verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının keçirdiyi mətbuat konfransında qurumun rəhbəri, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanov kulinarlarımızı növbəti qələbə münasibətilə təbrik edib. Bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyinin dəstəyi ilə çempionatda iştirak edən kulinarlarımız Vətənə medallarla dönüblər. Sonuncu gün milli komandamızın 2 üzvünün iştirak etməməsi bir qədər çətinlik yaratsa da, kulinarlarımız 1 gümüş, 2 bürünc və 1 fərqlənmə diplomu qazanıblar.
Kulinarlar bildiriblər ki, qələbənin əldə olunmasında aşpazların səriştəsi ilə yanaşı, “Azərsun Holdinq”in “Super Sun” yağlarının, digər məhsul və təamların yüksək keyfiyyəti mühüm rol oynayıb.
Beynəlxalq Kulinariya Çempionatında ölkəmizdən başqa, Türkiyə, Ukrayna, Rusiya, Yunanıstan, Sloveniya, Serbiya, Albaniya, Xorvatiya, Hindistan təmsil olunub. Builki çempionatda Ümumdünya Kulinariya Təşkilatları birliyinin sədri Tomas Gugler də iştirak edib.