REGİONLAR


Külli miqdarda narkotik qaçaqmalçılığı faktının aşkarlanmasında əməyi olan gömrükçülər mükafatlandırılıb

Naxçıvan, 3 iyul, AZƏRTAC

Bu günlərdə külli miqdarda narkotik vasitənin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısının alınmasında iştirak edən dörd gömrükçü mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən tədbirdə çıxış edən komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov muxtar respublikada gömrük orqanlarının fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Qeyd olunub ki, gömrük orqanlarında ən müasir rentgen-nəzarət qurğularının və digər texniki nəzarət vasitələrinin mövcud olması, kinoloji xidmətin səmərəli təşkili, əməliyyat axtarış fəaliyyətinin genişləndirilməsi imkan verir ki, muxtar respublikaya bütün istiqamətlərdə gələn sərnişinlərə, mal və nəqliyyat vasitələrinə gömrük baxışı dolğun şəkildə həyata keçirilə bilsin. Bu günlərdə “X-Ray” tipli rentgen-nəzarət qurğusunun köməyi ilə aşkarlanan külli miqdarda narkotik qaçaqmalçılığı faktı da dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlərin məntiqi nəticəsidir.

Narkotik qaçaqmalçılığı faktının aşkarlanmasında əməyi olan gömrükçüləri təbrik edən komitə sədri onlara “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib. Qeyd edək ki, gömrük orqanlarında öz vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə və xidmətdə yüksək nəticələr əldə etdiklərinə görə bu medalla təltif olunan gömrükçülərə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin fəxri fərmanları da təqdim olunub.

Xatırladaq ki, külli miqdarda narkotik qaçaqmalçılığı faktı iyun ayının 18-də Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı “Volvo” markalı yük maşınına gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93,6 kiloqram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Narkotik yüklü avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.