CƏMİYYƏT


Külli miqdarda pul vəsaitinin bəyan edilmədən ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Bakı, 30 may, AZƏRTAC

Məlumat verildiyi kimi, 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Bayramlı Gözəl Oruc qızı mayın 25-də Dövlət Sərhəd Xidmətinin Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən külli miqdar təşkil edən 12 min ABŞ dolları məbləğində nağd pul vəsaitini bəyan etməyərək əl yükünün içərisində gizlədilmiş halda keçirdikdən sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə tədbirləri nəticəsində saxlanılıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, “Sınıq Körpü” gömrük postunda rentgen qurğusunda G.Bayramlıya məxsus sellofan paketə baxılarkən monitorda şübhəli predmetin görüntüsü aşkarlanıb. Bununla əlaqədar ona üzərində və əl yüklərində gömrük nəzarətinə mütləq bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş malların könüllü şəkildə təqdim olunması təklif edilib. G.Bayramlı üzərində və əl yüklərində bəyan edilməli hər hansı bir malın olmadığını bildirib.

Bundan sonra G.Bayramlıya məxsus əl yüklərinə baxış keçirilib və əl yükündəki sellofan torbanın içərisindən ümumilikdə 12 min ABŞ dolları məbləğində pul aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

G.Bayramlı mayın 26-da təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan olunub və Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb. Mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 2015-ci il 17 aprel tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 2015-ci il 8 aprel tarixdə 270 min rus rublu və 4700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkarlanaraq götürülüb.

İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, G.Bayramlı 2015-ci ilin yanvarından indiyədək Gürcüstana 41 dəfə səfər edib, lakin heç vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.