CƏMİYYƏT
Külli miqdarda siqaretin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 28 iyun, AZƏRTAC
Minsk-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı baqajlarını götürüb gömrük nəzarətindən keçib zonanı tərk etmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq “X-ray” intereskoprentgen aparatına yönəldilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gömrük əməkdaşı monitorda siqaretlərə bənzər əşyaların təsvirlərini gördüyündən həmin vətəndaş saxlanılaraq əl yükündə və baqajında gömrüyə mütləq qaydada bəyan ediləsi əşyaların olub-olmaması barədə şifahi sorğu-sual edilib. Gömrükçülərin şübhələrini inkar edən həmin şəxs baqajının içərisindəki malların yoxlanılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq gömrüyün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd əl çantası və 1 ədəd karton qutunun içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron və ya şifahi formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 40 min ədəd siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.