CƏMİYYƏT
Külli miqdarda valyutanın qanunsuz olaraq ölkədən çıxarılması cəhdinin qarşısı alınıb
Bakı, 25 fevral, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Tbilisi aviareysi ilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının üst geyimi rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.
Nəticədə, vətəndaş gömrük nəzarətindən keçən zaman şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan etmədiyi 178 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 17 min 800 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim etməli olub.
Faktla bağlı araşdırma aparılır.